Gülşən İmanova: “Xəstələrimizdən üçü ECMO cihazına qoşulub” - MÜSAHİBƏ

MÜSAHİBƏ 21 iyl 2020, 16:23
“Koronavirusdan əziyyət çəkən xəstələrin bir müddət ailə yaxınları ilə əlaqələri olmurdu. Bunu nəzərə alaraq, çalışdıq ki, virtual da olsa, onların ailələri ilə danışmasına şərait yaradaq. Xəstələrimizdən birinin övladı atasına məktub yazıb gətirmişdi. O an bizi çox təsirləndirmişdi”. Oxu.Az Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsində Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova ilə müsahibəni təqdim edir: - Gülşən xanım, artıq bir aydan çoxdur, Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Bu günə qədər nə qədər xəstə qəbul etmisiniz? - İyun ayının 11-dən bu günə qədər xəstəxanamıza 255 nəfər daxil olub. Müalicə aldıqdan sonra sağalan xəstələr həkim təyinatı ilə evə buraxılıb. Hazırda xəstəxanada 75 koronavirus xəstəsi müalicə alır, onlardan 13-ü reanimasiya şöbəsindədir. Reanimasiya şəraitində müalicə alan xəstələrimizdən üçü ECMO cihazına qoşulub. Xəstələrdən 54 nəfər sağalaraq evə buraxılıb ki, onlar arasında 75 yaşlı vətəndaşlarımız da olub. - ECMO cihazı ilə bağlı son günlər müzakirələr artıb. Bu cihazın digər xəstəxanalarda yox, məhz sizdə olması da diqqəti Mərkəzi Gömrük Hospitalına çəkir. - Təbii ki, bu cihaz koronavirus infeksiyası ilə bağlı pasiyentlərdə müşahidə edilən ağırlaşmalar zamanı istifadə edilir. Hazırda Mərkəzi Gömrük Hospitalında üç ədəd ECMO cihazı var. Vəziyyəti kəskinləşən xəstələrdə bu cihaza qoşulma zərurəti yaranarsa, təyinatla buraya göndərilirlər. Ümumiyyətlə, bizim xəstəxanaların yalnız az qismində ECMO cihazı var. Amma müşahidələrimiz göstərir ki, bəzən xəstələrin ECMO cihazına qoşulması zərurəti yaranır. - Xəstələrin yaxınları ilə virtual ünsiyyətini təmin edirsiniz. Bir qədər bu barədə danışın. - Bilirsiniz, bu xəstəlikdə əsas amillərdən biri ruh yüksəkliyidir. İnsanlar bir neçə həftə ətraf mühitlə əlaqələrini kəsirlər. Stasionarda müalicə alan xəstələrimiz yenə mobil telefonlardan istifadə edərək, ətrafla əlaqə yarada bilir. Lakin reanimasiya şəraitində olan xəstələrin ailə yaxınları ilə əlaqələri, demək olar ki, mümkünsüz olur. Bu səbəbdən, həkimlərimiz müvafiq şərtlər daxilində onların telefon vasitəsilə ailə üzvləri ilə danışmaları üçün şərait yaradırlar. Bəzən kiçik qonaqlarımız olur. Xəstəxanada atası, anası, nənəsi yatan balacalar kiçik qəlblərindən keçənləri məktublara yazıb, bizə gətirirlər. Biz onlardan bunu qəbul edirik və aidiyyəti üzrə həkimlərimizə yönləndiririk ki, xəstələrimizə çatdırsınlar. Xəstələrimizdən birinin övladı atasına yazdığı məktubu ona çatdırmağımızı və onun üçün çox darıxdığını deməyimizi istəmişdi. Bu an bizə çox təsir etmişdi. Biz bütün xəstələrimizin yaxınlarının zənglərini cavablandırıb, onların vəziyyəti ilə bağlı son məlumatları veririk. Amma əminik ki, bu dəstək xəstələrimizin tez zamanda ayağa qalxmasına kömək olan amillərdəndir. - Gün ərzində Hospitala nə qədər xəstə qəbul olunur? - Bu sağalan xəstələrin sayı ilə əlaqəlidir. Bəzən olur ki, bir gündə beş xəstə sağalır, evə buraxılır və elə həmin gün daha beş xəstə qəbul edilir. Toplam olaraq hospitalımız 78 çarpayılıqdır, onlardan 12-si reanimasiya şöbəsindədir. Xəstələrimizin sağalması bizi sevindirsə də, çarpayıların boş qalmaması bir o qədər üzür. Amma ümid edirik ki, yoluxma dinamikasında müşahidə edilən azalma davamlı olacaq və bu xəstəlik təmizlənəcək. - Müraciət edən COVID-19 xəstələri arasında uşaqlar, hamilə qadınlar olubmu? - Bəli, olub. Hazırda müalicə alan xəstələr içərisində azyaşlı pasiyentlər yoxdur, amma olub. Koronavirusa yoluxan uşaqlarla yanaşı, hamilə xəstələrimiz də olub, tam sağaldıqdan sonra evə buraxılıblar. Hazırda bir nəfər hamilə xəstəmiz stasionar şəraitdə müalicə alır. Həkim personalımız xəstənin hamiləlik dövrünü nəzərə alaraq, infeksiyaya qarşı müalicə ilə yanaşı, ginekoloji və digər problemlərlə bağlı digər həkim həmkarlara müraciət edirlər. Hər şey həkimlərimizin nəzarəti altında yüksək səviyyədə aparılır. - Hospitalda çalışan həkimlər arasında necə, yoluxmalar olubmu? - Bilirsiniz ki, artıq bir neçə aydır, həkimlərimiz pandemiya ilə mübarizə aparırlar. Xəstələrlə təmasda olan həkimlərimiz arasında yoluxma faktlarının olması ilə bağlı açıqlamalar verilib. Bizim hospitalda bir ay ərzində yalnız bir həkim-reanimotoloq yoluxub. Artıq sağalıb və yenidən iş başındadır. Hazırda Hospitalımızda reanimasiya şöbəsində ECMO cihazına qoşulan və müalicəsini davam etdirən həkimlərimizdən biri də Cavid Paşayevdir. Bütün xəstələrimizə tez bir zamanda Allahdan şəfa diləyirik. - Necə düşünürsünüz, koronovirus infeksiyası nə zaman bitəcək? Əslində, bu barədə həkimlər belə dəqiq məlumat verməkdə çətinlik çəkir. Amma biz çox ümid edirik ki, tezliklə bu bəla ölkəmizin üzərindən çəkiləcək. Həkimlərimiz Azərbaycan xalqının sağlamlığı uğrunda əllərindən gələni edirlər. Tezliklə bu xəstəlik aradan qalxsın və pandemiyasız günlərimizə geri dönək. Jia.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top