Sahil Babayev: “570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb”

CƏMİYYƏT 07 yan 2021, 12:58
“2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Sizin müvafiq Sərəncamınızla 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı”. 
 
JİA.AZ-in xəbərinə görə, bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artıb. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə edib: “Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatıb. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyub.
 
Ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilib. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb. Sizin tapşırıqlarınıza uyğun olaraq, bütün sosial ödənişlərin həyata keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür, vətəndaş-məmur təması minimuma endirilir və bunun nəticəsində 2020-ci ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata keçirilib. Eyni zamanda, əsassız pensiya işlərinin, əsassız və saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat qənaət əldə edilib. Digər tərəfdən, yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunub və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənib, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib.
 
Cənab Prezident, qeyd edim ki, ümumilikdə son iki il ərzində əhaliyə ödənişlərin 1 milyard manat artmasına baxmayaraq, dövlət büdcəsindən transfertin məbləği azalıb və ümumilikdə 570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb”./apa.az/

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top