Media sahəsində yeniliyə ehtiyac var - VİDEO

CƏMİYYƏT 12 yan 2021, 08:28

Media ekspertləri Azərbaycanda media sahəsində ciddi islahatlara ehtiyac olduğunu deyirlər. Səbəb əsassız və yalan məlumat yayan dırnaqarası media qurumlarının bu sahənin nüfuzunu günü-gündən aşağı salması və cəmiyyətdə çaşqınlıq yaratmasıdır. Hazırda ölkəmizdə mövcud olan qanunvericiliklə isə bu sahənin tənzimlənməsi mümkün deyil. Ona görə də müəyyən dəyişikliklərə ehtiyac var. Söhbət o dəyişiklikdən gedir ki, medianın inkişafına səbəb olacaq və bu sahənin nüfuzunu özünə qaytaracaq.
 
Qəzet və ya jurnallar oxunmur, xəbər saytı və internet televizyası adı ilə nəinki hər gün, az qala hər saat yeni saytlar ortaya çıxır. Üstəlik, sosial şəbəkələr vasitəsilə əsası olmayan məlumatlar sürətlə yayılır və cəmiyyət nəyin doğru, nəyin yanlış olduğunu anlamaqda çətinlik çəkir. Bu fikirlər Azərbaycan mediasının hazırki mənzərəsini ifadə edir. Media ekspertlərinin sözlərinə görə isə, ölkəmizdə bütün media növlərinin, xüsusilə çap medianın dəstəklənməsi üçün geniş tədbirlər icra edilsə də, hazırda kompleks islahatlara böyük tələbat yaranıb. Səbəb isə artıq bu sahədə xaosun yaşanmasıdır.
 
"Qafqazinfo" onlayn media qurumunun rəhbəri Elbrus Ərudun sözlərinə görə, hazırkı zamanda media qurumu açılarkən demək olar ki, heç bir qanunvericiliyə istinad edilmir. Hər kəs bir kompüter və mikrofan alaraq özünü jurnalist kimi təqdim edir və informasiya sahəsində fəaliyyət göstərir. Bu isə ümumilikdə jurnalistikaya olan inamı azaldır və cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, media sektorunu gözdən salır.
 
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının sözlərinə görə, dünyanın bir çox ölkəsində media orqanlarının fəaliyyətinə dəstək vermək, eyni zamanda prosesi tənzimləmək üçün müxtəlif dövlət qurumları fəaliyyət göstərir ki, bu təcrübədən Azərbaycanda da istifadə edilə bilər.
 
Belə bir vəziyyətdə bir məqam xüsusilə vurğulanmalıdır. Birbaşa döyüş bölgəsində müharibə başa çatsa da, informasiya müharibəsi davam edir. Düşmən tərəfin məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə tirajladığı yalan informasiyalar rahatlıqla Azərbaycan cəmiyyətində müzakirə mövzusuna çevrilir. Bu da peşəkar jurnalistika qaydalarına uyğun fəaliyyət göstərməyən, informasiya siyasətini düzgün qiymətləndirə bilməyən bəzi təsadüfi saytlar sayəsində mümkün olur. Halbuki ciddi media qurumları düşmənin belə hiyləgər oyunlarına alət olmur, informasiyanı rəsmi qurumlardan dəqiqləşdirdikdən sonra tirajlayır. Amma insanlar sosial şəbəkə və bəzi saytlarda rastlaşdığı məlumatları ciddi media qurumlarında görmədikdə nələrinsə cəmiyyətdən gizlədildiyini düşünürlər. Nəticədə ciddi media qurumlarına etimad zədələnir və düşmən informasiya müharibəsində önə keçir. Media ekspertləri də bu halın aradan qaldırılması üçün qanunlarda müvafiq dəyişikliklərin aparılmasının tərəfdarıdırlar.
JİA.AZ XəzərXəbər-in hazırladığı video materialı sizlərə təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top