Evindən narkotik və tərəzi çıxan şəxsə 12 il həbs cəzası verildi

HADİSƏ 26 fev 2021, 17:44

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılan şəxs hakim qarşısına çıxarılıb.
 
JİA.AZ Musavat.com-a istinadən verdiyi xəbərə görə, Ağır Cinayətlər məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin satışında ittiham edilən Məhərrəm Tağıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
 
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən M.Tağıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, M.Tağıyev Baş İdarə əməkdaşları tərəfindən Suraxanı rayonunda saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini Məhərrəm Tağıyevin üzərindən 130 qram heroin, 171 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunub. Onun Qaraçuxur qəsəbəsində yaşadığı evdən isə əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqrama yaxın tiryək aşkar olunaraq götürülüb.
 
İstintaq zamanı müəyyən edilib ki, M.Tağıyev narkotik vasitələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top