Azərsığorta”da daha bir qalmaqal.....

CƏMİYYƏT 01 mar 2021, 13:26
Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətində daha bir qalmaqal yaşanır. Bu dəfə şirkətin 20-yə yaxın rayon filialının müdiri rəhbərlikdən dövlət qurumlarına şikayət ediblər.
 
 
JİA.AZ Musavat.com-a istinadən verdiyi məlumata görə, “Azərsığorta” işçilərin minimum əmək haqqını ləğv edib. İşçilərə yalnız toplanan sığorta haqqının müəyyən faizi qədər ödəniş edilməsi barədə qərar verib. Şirkətin yeni rəhbəri Aftandil Hacıyev və müavinləri yanvar ayından etibarən bu qərarı qəbul ediblər.
 
Narazı işçilərin sözlərinə görə, son iki ay ərzində rayon filiallarına ştat cədvəli, xərclər smetası göndərilmədiyi üçün işçilərə maaş verilməyib.
 
Şirkətin Göygöl, Salyan, Astara, Oğuz, Balakən, Qəbələ, Ağdaş, Qazax, Samux, Sabirabad rayon filiallarının rəhbərləri Maliyyə Nazirliyinə, Mərkəzi Bank və Nazirlər Kabinetinə teleqram göndəriblər.
 
Bu müraciətləri Maliyyə Nazirliyi araşdırılması üçün Azərbaycan İnvestisiya Holdinqinə göndərib. Maraqlıdır ki, “Azərsığorta” rəhbərliyi paytaxtın rayon filiallarını köhnə tarixli qərarlarla bağlayıb.
 
Binəqədi rayon filialının sabiq əməkdaşı Musavat.com-a bildirib ki, heç kimin xəbəri olmadan və əvvəlcədən məlumat verilmədən şirkət rəhbərliyi fevralın 1-də filiala gələrək, oranın artıq bağlandığını bildirib.
 
“Göstərilən əmr yanvarın 28-də imzalanmışdı, köhnə tarixə aid idi. Amma yanvarın 28-i və 29-da Binəqədi filialı bankda xeyli köçürmələr etmişdi. Bu üsulla Yasamal da daxil olmaqla, 6 filial bağlanıb. Bir ay vaxt keçib, hələ də müavinəti ala bilmirik”,- deyə narazı vətəndaş qeyd edib.
 
İddialarla bağlı “Azərsığorta”dan Musavat.com-a bildirildi ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılırmış. Şirkətdə beynəlxalq təcrübəyə əsaslanan, eləcə də müasir standartlara cavab verən yeni korporativ idarəetmə strukturu təsdiqlənibmiş.
 
 
“Mərkəzi Bankın tövsiyəsinə əsasən, “Azərsığorta”da beynəlxalq standartlara cavab verən korporativ idarəetmənin təmin edilməsi, eləcə də müştəri məmnuniyyətinin səviyyəsinin yüksəldilməsi və onlara göstərilən xidmət keyfiyyətinin daha da artırılmasına xidmət edəcək yeni struktur formalaşdırılıb. Yeni strukturun bölmələrinin fəaliyyətə başlaması ilə effektivliyinin tam şəkildə təmin edilməsi üçün departamentlərin əsasnamələri, iş prosedurları və təlimatları hazırlanıb. Fəaliyyət planı üzrə bu işlərin həyata keçirilməsi üçün müvafiq işçi qrupu da yaradılıb.
 
Bütün bu tədbirlərin davamı olaraq, bir neçə istiqamətdə aparılan uğurlu işlərdən biri də portfelin sağlamlaşdırılması və bəzi xərclərin azaldılmasıdır. Təbii ki, sağlamlaşdırma və izafi xərclərin aradan qaldırılması üçün bəzi rayon filiallarının bağlanması qərara alınıb. Filialların bağlanmasına əsas səbəblərdən biri kimi filialların aylıq xərclərinin gəlirlərini daha çox üstələməsi olub. Bu isə yekunda şirkətin gəlirlərinə ciddi təsir etməklə zərərlə işləməsinə gətirib çıxara bilərdi.
 
Yeni yanaşmaya əsasən, regionlarda və paytaxt Bakıda yerləşən bəzi filialların hüququ statusu dəyişəcək. Bağlanmış filiallar gəlirlilik baxımından daha səmərəli fəaliyyət göstərəcəyi halda nümayəndəlik statusu daşıyacaq.
 
Yeni fəaliyyət planımıza uyğun olaraq portfelin səmərəliyini artırmaq üçün regional statusa malik yeni filialların yaradılması nəzərdə tutulub”,- deyə şirkətin mövqeyində yazılır.
 
Şirkət fəaliyyəti dayandırılan filialların əməkdaşlarının cari ilin yanvar ayı üzrə əmək haqqı və müvafiq müavinətləri aldığını deyir.
 
Qeyd edək ki, şirkət filialların köhnə tarixlərlə bağlanması, işçilərə əvvəlcədən xəbərdarlıq edilmədən işdən çıxarılması məsələlərinə münasibət bildirməyib.
 
Xatırladaq ki, ötən yazılarımızda "Azərsığorta”nın departament müdiri Xəyyam Hətəmovun adı keçən qalmaqallı işlə bağlı məlumat vemişdik.
 
X.Hətəmov şirkətdə sığortası olan maşına dəymiş zərəri fotoşopla şişirtməklə 22 min manatlıq köçürmə etməkdə ittiham edilirdi.
 
Həmin yazı və şirkətin mövqeyi ilə aşağıdakı linklərdən tanış ola bilərsiz.
 
 
 
JİA.AZ
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top