"Təbib” idman” klubuna yeni sədr təyin olunub

İDMAN 12 mar 2021, 11:39
 
JİA.AZ xəbər verir ki, Martın 11-də Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev “Təbib” idman” klubuna yeni sədr təyin olunan Qələndər Aslanovu kollektivə təqdim edib.
 
Əvvəlcə uzun illər ATU-nun Bədən tərbiyəsi və idman kafedrasına (“Təbib” idman klubu) rəhbərlik edən, bu yaxınlarda dünyasını dəyişən professor Kamal Kəbirlinskinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Kamal müəllimi yaxşı tanıdığını xatırladan prorektor onun Azərbaycan Tibb Universitetinin idman tarixindəki müstəsna xidmətindən söz açıb. Bildirib ki, K.Kəbirlinskinin rəhbərliyi altında universitetimiz respublikamızın ali təhsil məktəbləri arasında idmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlarda dəfələrlə birincilik qazanıb.
 
İdman nailiyyətlərinin əldə edilməsini həm də kollektiv arasında olan səmimi münasibətin nəticəsi kimi dəyərləndirən professor S.Əliyev mövcud ənənənin bundan sonra da qorunacağına inandığını söyləyib. O, təyinat zamanı universitet rəhbərliyinin bu amili də nəzərə aldiğını vurğulayaraq qeyd edib ki, klubun sədri vəzifəsinə kollektiv içərisindən seçilən respublikanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov təyin olunub. Yeni sədrin kifayət qədər pedaqoji təcrübəyə malik olduğunu, həm də idman sahəsində yadda qalan uğurlara imza atdığını deyən prorektor seçimlərində yanılmadıqlarına, kollektivdə bundan sonra da sağlam mühitin qorunub saxlanılacağıa əminliyini bildirərək Qələndər Aslanova gələcək fəaliyyətində uğurlar arzulayıb.    
 
ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov yeni təyinatla bağlı fikirlərini kollektivlə bölüşərək idman yarışlarında qazanılan uğurlarda hər müəllimin, hər məşqçinin, hər əməkdaşın zəhməti olduğunu diqqətə çatdırıb və kollektivin gücünə arxalanaraq birinciliyi qoruyub saxlamaq arzusu ilə Qələndər müəllimi təbrik edib.
 
“Təbib” idman klubunun əməkdaşları Nərgiz Mehdiyeva, Cəlal Babayev, Ələkbər Əliəfsərov və Aybəniz Əliyeva da kollektiv adından məmnunluqlarını ifadə edərək sədr təyinatında doğru seçimə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top