Azərbaycanda sığorta ilə bağlı daha bir istiqamət elektronlaşacaq

CƏMİYYƏT 14 iyn 2021, 15:21

Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında görüş keçirilib.

ASA-dan “Jia.az”a verilən məlumata görə, görüşdə sığorta şirkətləri ilə Mərkəz arasında sənəd və məlumat mübadiləsinin elektronlaşması ilə bağlı məsələ müzakirə edilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, hazırda ölkəmizdə və dünyada bütün sahə, sektor və seqmentlər müasir çağırışlara adekvat olaraq elektronlaşma proseslərini sürətləndirib. ASA rəhbəri qeyd edib ki, proseslərin avtomatlaşdırılması yerli sığorta bazarı üçün də prioritetdir:

“Yerli sığorta bazarı iştirakçıları sistemin elektronlaşması ilə bağlı əhəmiyyətli addımlar atıblar. Qarşımızda duran başlıca hədəflərdən biri sığortaçıların mütəmadi olaraq məlumat mübadiləsi gerçəkləşdirdiyi qurumlarla da proseslərin elektronlaşması yönündədir. Nümunə olaraq qeyd edə bilərəm ki, artıq Milli Hidrometeorologiya Xidməti ilə qarşılıqlı sənəd mübadiləsi prosesləri elektronlaşıb. Növbəti mərhələ olaraq Respublika Seysmoloji Xidmət Mərkəzi ilə də sənəd dövriyyəsində müvafiq elektronlaşmanın həyata keçirilməsinin tərəfdarıyıq”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, professor Qurban Yetirmişli qurumlar arasında sənəd dövriyyəsi və informasiya mübadiləsinin elektronlaşması yönündə irəli sürülmüş təklifi yüksək qiymətləndirib. Mərkəzin baş direktoru müvafiq təklifin dəyərləndiriləcəyini və bu istiqamətdə müsbət nəticələr əldə olunması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

İki qurum arasında əldə olunan razılığa əsasən, sənədləşmə prosesinin elektronlaşması ilə bağlı iki tərəfin təmsilçilərindən ibarət İşçi qrupunun yaradılmasına qərar verilib.


 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top