Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər ölüb

DÜNYA 09 yan 2022, 18:36

Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.

"Jia.az" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bügünədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Jambıl vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top