RUSİYA NİYƏ VƏTƏNDAŞLIQ PAYLAYIR? - Elan olunan məqsəd demoqrafik problemi həll etməkdir, amma...

DÜNYA 10 yan 2022, 21:26
 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə gün öncə "Rusiya vətəndaşlığı haqqında" qanun layihəsini Dövlət Dumasına təqdim edib. Layihəyə əsasən, Rusiya vətəndaşlığına keçid sadələşdiriləcək. Məsələn, Rusiya vətəndaşı olan qohumunuz varsa, rahatlıqla bu ölkənin vətəndaşlığını qəbul edə biləcəksiniz. 
Bundan əlavə, könüllü köçürmə proqramının iştirakçıları olan keçmiş SSRİ vətəndaşları və onların uşaqları, həmçinin Rusiya İmperiyasında və ya SSRİ-də Rusiya Federasiyasının indiki sərhədləri daxilində daimi yaşayanların nəsillərindən olan şəxslər də eyni imkana malik olacaqlar. Yeni qanun layihəsində vətəndaşlıq almaq istəyən şəxslərə 20 kateqoriya üzrə, kifayət qədər geniş imkanlar təqdim olunub.
Ekspertlər yeni qanunun tətbiqindən sonra Rusiya vətəndaşlığı almaq üçün müraciət edənlərin sayında kəskin artım olacağını proqnozlaşdırırlar. Rusiyanın miqrasiya siyasətinə görə, hər il yarım milyondan artıq əcnəbiyə vətəndaşlıq verilir. Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, 2021-ci ildə 667 min əcnəbiyə Rusiya vətəndaşlığı verilib. Bu rəqəm 2020-ci illə müqayisədə 105 min nəfər çoxdur.
Azərbaycanlılar Rusiyada ən çox vətəndaşlıq alanlar arasında ilk beşlikdə dayanır. 
Statistikaya əsasən, 2020-ci ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı 62 faiz artıb. Belə ki, həmin il 21 min 900 azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib. Məlumat üçün qeyd edək ki, 2020-ci ildə 63 min nəfər tacik, 43 min nəfər qazax, 30 min nəfər erməni, 23 min nəfər özbək Rusiya vətəndaşlığına keçid edib.
Qeyri-rəsmi məlumatlara əsasən, Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olurlar. Yeni qanun layihəsinin tətbiqindən sonra azərbaycanlıların da Rusiya vətəndaşlığına keçidinin sürətlənəcəyi istisna edilmir.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov "AzPolitika.info"-ya şərhində bildirib ki, Rusiya üçün demoqrafik artım tempi çox önəmli məsələdir: "Müəyyən ekspert qrupları var ki, onlar hesablamalar aparırlar və gələcək üçün demoqrafik proqnozlar verirlər. Rusiyada 2020-ci ildə əhalinin sayı təxminən 144 milyon nəfərə yaxın idi. Proqnozlara görə, 2025-ci ildə Rusiya əhalisnin sayı 142 milyon, 2050-ci ildə isə 132 milyon nəfər olacaq. Müqayisəli təhlil aparsaq, görərik ki, əhalinin sayında azalma gözlənilir. Təqribi hesablamalara görə, 25-30 il ərzində Rusiya əhalisinin sayı 10 milyona qədər azalacaq. Bu proqnozlar höküməti müəyyən addımlar atmağa vadar edir. Məsələn, sadələşdirilmiş vətəndaşlığın verilməsi ilə demoqrafik göstəricilərin yaxşılaşdırılması buna bir nümunədir".
 
Ekspert 2021-ci ilin statistikasını xatırladaraq bildirir ki, Rusiya əhalisinin sayı 146 milyon nəfərdən artıqdır, yəni, 2020-ci illə müqayisədə 3 milyona yaxın artım qeydə alınıb: "Bu da əsasən, əcnəbilərə vətəndaşlığın verilməsi və təbii artım hesabına əldə olunan nəticədir. Rusiya hökuməti vaxtaşırı belə qanunlar qəbul edərək, xarici ölkə vətəndaşları hesabına demoqrafik artıma nail olmağa çalışır. Yeni qanuna görə, təqribən 20 kateqoriyaya aid ediləcək şəxslər, sadələşdirilmiş formada Rusiya vətəndaşlığına keçid edə biləcəklər. Rusiya Prezidenti Vladimir Putin artıq bu qanun layihəsini Dövlət Dumasına təqdim edib və böyük ehtimalla qanun qəbul ediləcək. Qeyd edək ki, yeni qanun layihəsində təkcə Rusiya vətəndaşlığı olan birbaşa qohumlara deyil, onların xarici ölklərdə yaşayan qohumlarına, hətta Rusiya Federasiyasında daimi yaşamaq hüquq olanlara və onların qohumlarına sadələşdirlmiş vətəndaşlıq hüququ veriləcək. Gözlənilən odur ki, bu qanun sayəsində daha çox insan Rusiya vətəndaşlığına keçid edəcək".
A.Allahverənov qeyd edib ki, azərbaycanlılar da bu sadələşdirlmiş vətəndaşlıq alınması prosesinə qoşulacaqlar: "Amma düşünürəm ki, kəskin artım qeydə alınmayacaq. Çünki Rusiya Federasiyasının tələbi budur ki, vətəndaşlıq əldə etmək istəyən şəxs öz ölkəsinin vətəndaşlığından imtina etməlidir. Eynilə Azərbaycan üçün də bu qayda qüvvədədir. Məsələn, Azərbaycana gəlib vətəndaşlıq əldə etmək istəyən şəxs, Rusiya vətədaşlığından imtina etməlidir. Rusiyanın ağır dönəmlərində Federasiyada yaşayan və orada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən kifayət qədər azərbaycanlı var idi. Onların bir çoxu 2006, 2007 və 2010 -cu illərdə Rusiya vətəndaşlığını qəbul etdilər. Çünki həmin vaxt belə bir tələb yox idi. 2015-ci ildən bu qanun qüvvəyə mindi. Bu vaxta qədər isə hamı rahatlıqla Rusiya vətəndaşlığını əldə edə bilirdi. Amma təbii ki, sadələşdirilmiş vətəndaşlıqdan yararlanmaq istəyən azərbaycanlıların da sayında artım olacaq. Çünki bu qanun layihəsi kifayət qədər geniş və əhatəlidir.".
Eskpert əlavə edir ki, vətəndaşlığın verilmə müddəti təxminən 1 il çəkir. Onun sözlərinə görə, vətəndaşlıq əldə etmək istəyən şəxs Rusiya Federasiyasının tələbinə uyğun olaraq, mənsub olduğu ölkənin vətəndaşlığından imtina etməlidir: "Bunun üçün həmin şəxs Vətəndaşlıq üzrə Dövlət Komissiyasına müraciət edir. Müraciətə 1 il ərzində baxılır və həmin şəxsin ölkə qarşısında hər hansı öhdəliyi yoxdursa, vətəndaşlığına xitam verilir. Sonrakı mərhələdə Rusiya Federasiyasının qanunvericliyinə uyğun olaraq həmin şəxsin sənədləri tərtib edilir".
 
Elvin Bəyməmmədli
 
"AzPolitika.info"

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top