Qalmaqal yaradan müsabiqə ilə bağlı nazirlikdən AÇIQLAMA

ELM VƏ TƏHSİL 21 yan 2022, 13:40

Təhsil Nazirliyi "Düşünən oxucu" müsabiqəsi ilə bağlı qalmaqala münasibət bildirib.

 

Nazirliyin mətbuat katibi Cəsarət Valehov Jia.az-a açıqlama deyib ki, bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məktəb kitabxanalarına son 3 ildə verilmiş əsərlər siyahıya salınıb.

 

“Son illər ərzində Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir. Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir. “Düşünən oxucu” müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən müsabiqədir. Bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalarına son 3 ildə verilmiş əsərlər siyahıya salınmışdır. Azərbaycan ədəbiyyatı məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin “Oxu ədəbiyyatı siyahısı”na salınmış əsərlər isə məktəb proqaramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr vardır”.

Qeyd edək ki, Təhsil Nazirliyinin "Düşünən oxucu" müsabiqəsi qalmaqal yaradıb. Müsabiqəyə daxil edilən əsərlərin siyahısı yazıçı və şairlərin tənqidinə səbəb olub.

 

“Düşünən oxucu” müsabiqəsi təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən keçirilir. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.

Müsabiqə ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında keçirilir. Müsabiqə iştirakçıları “Düşünən oxucu” layihəsi üzrə göstərilən “ədəbiyyatı siyahısı”ndakı 35 əsərdən biri üzrə şərtlərə uyğun olaraq videotəqdimat hazırlamalıdır.
 

Sosial şəbəkələrdə yazıçı və şairlər əsərlərin siyahısından narazılıq ediblər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top