Yaşar Məmmədli: “Jurnalistika yalnız ixtisas deyil, həm də istedaddır”

Şəbnəm Qurbansoy, Kənan Novruz, BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbələri

 Azərbaycanda mətbuat tarixi köklərə, ənənələrə malikdir.  Keçən əsrin əvvəllərində hələ bir çox ölkələr mətbuatın nə olduğunu bilməyəndə ölkəmizdə əsl qəzetçilik məktəbləri var idi-“Molla Nəsrəddin”, “Kaspi”, “Açıq söz” və başqaları. Elə indi də var. Amma gərək, yaxşını dediyimiz kimi çatışmayanı da deyək. Danılmaz faktdır ki, xüsusilə son illər qeyri-peşəkarların çoxalması nəticəsində mətbuatda bəzi dil qüsurlarına rast gəlinir. Məsələn, futbol matçlarında tez-tez eşitdiyimiz bir cümləni deyim-“Rəqib futbolçusu topu tordan keçirdi.”  Axı top tordan keçmir, tora ilişərək geri qayıdır… Və ya “…gecə saat 24-ə kimi…”-aydın məsələdir ki, saat 24 onsuz da gecədir. Daha bir neçə bu cür qeyri-dəqiq ifadələrə misal çəkə bilərəm amma zənnimcə, ehtiyac yoxdu. Hələ orfoqrafik səhvləri, bir cümlədə eyni sözün dəfələrlə təkrarlanmasını, norma pozuntularını demirəm. Bir neçə gün əvvəl bu məsələlər və bizi maraqlandıran daha bir neçə sualla bağlı, üç aydır tanıdığımız hörmətli müəllimlərimizdən, BDU-nun filologiya fakültəsinin müasir Azərbaycan dili fənninin müəllimi, 30 ilə yaxındır jurnalistika fakültəsində dərs deyən bir çox kitabların müəllifi dosent Yaşar Məmmədli ilə görüşüb, söhbət etdik. Müsahibimiz suallarımızı səmimi cavablandırdı:
-Yaşar müəllim, uzun illərdir BDU-nun jurnalistika fakültəsində dərs deyirsiniz. Xüsusilə, son illər mətbuatımızda müxtəlif dil qüsurlarına rast gəlirik. Bir mütəxəssis kimi bu barədə nə deyə bilərsiniz? 
-İlk növbədə onu deyim ki, dili bilmədən jurnalist olmaq olmaz. Jurnalistika təkcə ixtisas yox, həm də istedaddır. Bu sahə jurnalistlərdən dilin potensial imkanlarından istifadə etmək bacarığı tələb edir. Qeyd etdiyiniz kimi, son vaxtlar dil qüsurlarının artmasının əsas səbəblərindən biri sosial şəbəkələrdən düzgün istifadə etməməkdir. Kim nə istədi, necə gəldi yazır. Qəzetlərdən, televiziya və radiodan fərqli olaraq sosial şəbəkələrdəki yazılara nəzərət edən, onları redəktə edən yoxdur. Axı “ş” əvəzinə “s”, “ə” əvəzinə “e” yazmaq nə dərəcədə düzgündür? Həm də elələri var ki, sadəcə diplom xatirinə jurnalistika fakültəsinə daxil olurlar. Belə olan halda isə heç vaxt onun peşəkar olacağından söhbət gedə bilməz. Ümumiyyətlə, elə eləmək lazımdır ki, gənclər ali məktəbdə oxuya-oxuya praktika ilə də məşğul olsunlar. Bunun ən optimal yollarından biri budur ki, jurnalistika fakültəsində təhsil beş il olsun. İlk iki il ərzində tələbələr nəzəri biliklərə yiyələnsinlər, onlara televiziya jurnalistikasından Qulu Məhərrəmli, qəzetçilikdən Rəşad Məcid kimi mütəxəssislər dərs keçsinlər.  Növbəti üç ildə müxtəlif redaksiyalara təhkim olunaraq praktika ilə məşğul olsunlar, müxtəlif sahələr üzrə ixtisaslaşsınlar. Məsələn, idmandan yazan jurnalist idman terminlərini öyrənsin, siyasətdən yazanın bugünkü beynəlxalq siyasi vəziyyət haqda anlayışı olsun. Əfsuslar olsun ki, bizdə ixtisaslaşma çox ləng gedir. Yaxşı olardı ki, tələbə həmin üç il ərzində xarici dil də öyrənsin və təhsilini başa çatdırdıqdan sonra başqa bir ölkəyə gedib Azərbaycanı orada təmsil etsin. Unutmaq olmaz ki, jurnalistika milli yox, beynəlxalq səciyyə daşımalıdır. 
-Sizcə, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli Nəzminin dili ilə indiki jurnalistlərimiz arasında əsas dil fərqi nədədir?
-O vaxt savadsızlar çox idi. Ona görə də adını çəkdiyiniz ədiblər fikirlərini çatdırmaa üçün məcbur olub bacardıqları qədər sadə yazırdılar. Eyni zamanda onlar dahilər idilər. 20-ci əsrin əvvəllərində həm də jurnalist olan Mir Cəlal, Üzeyir Hacıbəyov, Əliqulu Qəmküsar, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev…21-ci əsrin əvvəllərində niyə yoxdur?
-Fikrinizcə, dilimizin söz fondu kifayət qədər zəngindirmi yoxsa, əksinə kasaddır?
-Mən fəxrlə deyə bilərəm ki, türk dilləri arasında ən zəngini Azərbaycan dilidir. Sadəcə bəzi jurnalistlərimiz dildəki sözlərdən istifadə edə bilmirlər. İstər oxucuya, istər tamaşaçıya, istərsə də dinləyiciyə informasiyanı çatdırmaq üçün heç də elmi qrammatikaya ehtiyac yoxdur. Məlumatı çatdıran jurnalist öz savadını nümayiş etdirməyi yox, auditoriyanı düşünməlidir. Səmimi deyirəm ki, bəzən efirdə o qədər mürəkkəb cümlələr işlədilir ki, mən dilçi ola- ola onu başa düşmürəm. Bu isə həmin jurnalist və ya şərhçinin qeyri-peşəkarlığının göstəricisidir. Onu da deyim ki, məhz həmin qeyri-peşəkarlar  Ulu Öndər Heydər Əliyevin də, hazırkı dövlət başçımız İlham Əliyevin də onlara verdiyi dəyəri doğrultmurlar.
-Bu gün biz gənclərə hansı jurnalistləri nümunə göstərə bilərsiniz?
-Jurnalist o vaxt əsl jurnalist olur ki, məlumatı çatdırarkən mütləq auditoriyanı nəzərə alsın. Vaxtı ilə bizim tələbəmiz olmuş Turan İbrahimov kimi. Jurnalist həm də cəsarətli olmalıdır. Məsələn, mərhum jurnalistimiz Çingiz Mustafayev, Sevinc Osmanqızı və başqaları. 
-Yaşar müəllim, belə bir fikir var ki, gedib başqa fakültəni bitirib sonra jurnalistika ilə məşğul olmaq olar. Sanki “dördüncü hakimiyyət”ə alternativ variant kimi yanaşırlar. Bu barədə fikirləriniz maraqlı olardı
-Qətiyyən düzgün deyil. Mənim fikrimcə, universitet tərkibində xüsusu bir jurnalistika institutu yaradılmalıdır ki, orada ancaq əsl jurnalistlər yetişdirilsin. Və burada ayrı-ayrılıqda jurnalistika, diktorluq, aparıcılıq fakültələri fəaliyyət göstərməlidir. Əvvəla, belə bir təşəbbüs sadəcə diplom xatirinə yaşayanların yolunu kəsəcək. Həmçinin təəssüflər olsun ki, çox vaxt bizdə jurnalistlə aparıcını, aparıcı ilə diktoru səhv salırlar. Eyni zamanda bildiyiniz kimi, jurnalistika fakültəsinə qəbul üçün xüsusi qabiliyyət imtahanı keçirilir-abituriyentlər esse yazırlar. Əslində bu da daha ciddi olmalıdır. Qabaqcadan abituriyentin qəzet, televiziya və radio jurnalistikasına getməsi müəyyənləşdirilməlidir. Əgər qəzet jurnalistikasına gedirsə, ondan yazı qabiliyyəti, radioya meyl göstərirsə, danışıq qabiliyyəti, düzgün diskussiya tələb olunmalı, televiziyaya gedirsə, nitqi ilə yanaşı xarici görünüşünə diqqət yetirilməlidir. Onu da nəzərinizə çatdırım ki, jurnalistika fakültəsində dərs keçən hər bir müəllim böyük məsuliyyət hissi ilə audirotiyaya daxil olmalıdır. Əslində jurnalistika fakülrəsinin xarakterik bir cəhəti var. Burada bütün qeyri-ixtisas fənləri jurnalistlərə lazım olan qədər keçilməlidir. Burada nə tarixçilər, nə tərcüməçilər, nə filoloqlar yox, jurnalistlər yetişir.
-Hansı televiziya proqramlarını daha çox izləyirsiniz?
-Mütləq hər səhər Turan İbrahimovun təqdimatında “Səhər” proqramını izləyirəm. Eyni zamanda Aztv-1-də  “Xəbərlər”i, müxtəlif icmalları izləyirəm, İTV-də “Carçı”nı və s. Çünki həmin kanallar və proqramlarda dil probleminə xüsusi diqqət yetirilir. O ki, qaldı nümunəyə, bu yaxşıdır. Amma çalışın heç kimi təkrarlamayın. Hər bir jurnalistin mətbuatda öz imzası və üslubu olmalıdır. 
-Müəllim, həm də bir çox kitabların müəllifisiniz. Onların əsas mövzusu nədir?
-Həm elmi, həm də bədii-publilistik kitablarım var. Qeyd edim ki, onların arasında bir neçə ilə ərsəyə gətirdiyim məqalələrimdən ibarət olan “Sözümüz” Ümumilli liderimizin bəyəndiyi kitablar arasında olub. 
-Bəs özünüzün bəyəndiyiniz yazıçılar kimlərdir?
-Qabriel Qarsia Markesin əsərlərini sevə-sevə oxuyuram. Eyni zamanda dünya ədəbiyyatından Dostoyevski, Tolstoy, Azərbaycan ədəbiyyatından Əkrəm Əylisli sevdiyim yazıçılar sırasındadırlar. 
-Ədəbiyyatdan söz düşmüşkən, mövcud dil qüsurları ədəbiyyatımıza da siraət edibmi?
-Təəssüf ki, bəli. 
-Son olaraq, tələbələr arasında çox sevilirsiniz, sizcə, bunun səbəbi nədədir?
-Heç vaxt kiminsə sevgisini qazanmağa çalışmamışam. Xüsusilə də tələbələrin. Sadəcə bəzi hallarda onlarla dost kimi danışıram.  Ümumiyyətlə müəllim-tələbə münasibəti normal olmalıdır. Heç bir səbəb olmadan müəllim niyə tələbəyə qışqırmalı və ya xətrinə dəyməlidir ki? Əgər doğrudan da, tələbələrin hörmətini qazanmışamsa, deməli həmin müəllim-tələbə münasibətini nizamlaya bilirəm. 
 Söhbətimizin sonunda Yaşar müəllim bir söz də dedi. Dedi ki, çalışın gələcəkdə yaxşı jurnalist olan, “reket”çilərə qarşı mübarizə aparın. Yaxşı jurnalistə həmişə tələbat var və olacaq. Sağlam gələcək sizin əlinizdədir. 

 

XƏBƏR LENTİ

Azərbaycanda ilk faraş meyvə plantasiyaları məhsul verəcək - FOTO


Kursantların təlimində praktiki döyüş atışları icra edilir - VİDEO


Yunan-Roma güləşçilərinin mübarizəsinə sabah yekun vurulacaq.


“İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib


Azay Quliyev medianın gözlədiyi sualları cavablandırdı!


Ölkəmizdə 1633 hemofiliya xəstəsi qeydə alınıb.


Qoruqlarda “açıq qapı” günü təşkil ediləcək.


ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb.


ATU-nun “Təbib” idman klubunun məşqçi-müəllimi Kyokuşin Dünya Birliyi -Azərbaycan təşkilatını yaradıb.


ABŞ-İran münasibətləri - VİDEO


SORĞU

How Is My Site?

View Results

Loading ... Loading ...

ARXİV